MOK-un yubileyinə həsr olunan stolüstü tennis turniri keçirili

2022 08 03

Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan stolüstü tennis turniri keçirilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Azərbaycanın ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər. Milli komandanın üzvlərinin qatıldığı yarışın açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və Milli Olimpiya Komitəsinin əməkdaşı İntiqam Səfərov MOK-un Azərbaycan idmanının inkişafındakı rolundan söz açıb, qurumun səmərəli fəaliyyətinin yeni uğurlara zəmin yaratdığını vurğulayıb.

Yubiley turniri eyni zamanda İslamiada ərəfəsində qüvvələrə son baxış xarakteri daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən kişilərin turnirində Emin Məmmədov qalib gəlib. Vəzir Allahverdiyev 2-ci, Adil Əhmədzadə 3-cü yeri tutub.
Qadınların mübarizəsi Ləman Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. Arzu Aslanova fəxri kürsünün 2-ci, Mərziyyə Nurmətova 3-cü pilləsinə qalxıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının və Milli Olimpiya Komitəsinin mükafatları təqdim olunub.