Avropa çempionatından qayıdan tennisçilərlə görüş keçirilib
- Nəşr edilib 25.07.2016 16:58
Məlumat verildiyi kimi, Azərbaycan stolüstü tennisçiləri Xorvatiyada keçirilən Avropa birinciliyində uğurla çıxış edərək, 4 medal qazanıblar. Federasiyanın prezidenti Şahin Mustafayev yarışları uğurla başa vurub Vətənə qayıdan tennisçilərlə görüşmüşdür. Ölkəmizdə idmana göstərilən böyük qayğıdan və idmançılara yaradılan şəraitdən ətraflı danışan Federasiya rəhbəri bu qayğının nəticəsi olaraq idmanın digər növlərində olduğu kimi, stolüstü tennisin də inkişaf etdiyini, artıq beynəlxalq yarışlarda idmançılarımızın uğurlarının artdığını vurğulamışdır. Şahin Mustafayev gənclərin Avropa çempionatında qazandığı nailiyyətlərə görə idmançılarımızı təbrik etmişdir.
Görüşdə komandanın baş məşqçisi M.Timofeyev yarışların gedişi və idmançıların çıxışları barədə məlumat vermiş, ölkəmizdə idmanın inkişafına göstərilən diqqətə, yığma komandanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və idmançılar üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirmişdir.
İdmançılar adından çıxış edən Sadıx Sadıqov milli komandamızın ilk oyununu Ermənistan yığma komandası ilə keçirdiyini və 3:0 hesabı ilə qalib gəldiyini diqqətə çatdıraraq, bu qələbənin bütün çempionat boyu tennisçilərimizin idman ruhunun yüksək olmasına xidmət etdiyini vurğulamış və millimizin yeniyetmələr arasında 3-cü yer tutaraq bürünc medal qazanmasının ölkəmizdə stolüstü tennisin gələcək inkişafına stimul olacağını qeyd etmişdir.
Sonda stolüstü tennis üzrə Azərbaycan millisinin üzvlərinə mükafatlar təqdim edilmişdir.
https://astf.az/index.php/az/97-avropa-cempionat-ndan-qay-dan-tenniscil-rl-goerues-kecirilib#sigFreeId609e095ae4













