Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıdadır

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura paytaxtımızın qonağıdır. O, Azərbaycan Stolüstü Tennis Federasiyasının dəvəti ilə Bakıda səfərdədir. Qitənin ali idman qurumunun rəhbəri ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və federasiyanın baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca, Şəhidlər Xiyabanında azadlıq fədailərinin də xatirəsinə ehtiram bildirilib. Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib. Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.

Stolüstü tennisçilər təlim-məşq toplanışında

2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar. Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edəcək. Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar. Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.

Stolüstü tennisçimiz Fransadan medalla dönür

Stolüstü tennisçi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında etimadı doğruldub. 2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan Quluzadə təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb. 1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, ¼ finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək yarışın bürünc medalına layiq görülüb.
Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə, 96 iştirakçı arasında 12-ci yeri tutub.

Stolüstü tennisçilər beynəlxalq yarışa qatılıblar

Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edir. İdmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparırlar. 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir. Bu gün startı verilən beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.

Stolüstü tennisçilərimiz Çinə yollanıblar

Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaq. Seçmə komandamızın üzvləri bu məqsədlə əvvəlcə Çin Xalq Respublikasına yollanıblar. Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar. Onur Quluzadə ilə Yağmur Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq. Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.

Stolüstü tennisçilər Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar

Macarıstanın Debretsen şəhərində Avropa Universitet Oyunları davam edir. Bu gün stolüstü tennisçilər mübarizəyə qatılıblar. Debretsen sınaqlarında 8 idmançımız etimadı doğrultmağa çalışacaq. Seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nihad Məmmədov, Nihad Səmədzadə, Rafiq Rafiqli və Qadir İbrahimov qələbə uğrunda mübarizə aparacaq. Qeyd edək ki, yarışda qitənin 145 universitetinin tələbələri müxtəlif növlərdə bacarıqlarını göstərirlər.

Stolüstü tennisçilərimiz Avropa çempionatında inamlı mübarizə aparırlar

İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa cempionatı davam edir. İdmançılar bu günlər şəxsi və qoşa növlərində mübarizə aparırlar. Secmə komandamızın üzvləri hər iki növdə inamla çıxış etməkdədirlər. Şəxsi yarışlarda Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğrultmaqdadır. İdmançılarımız 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Stolüstü tennisçilərimiz bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar. Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə 12 idmançımız mübarizə aparır. 40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Stolüstü tennisçilərimiz Avropa çempionatında Ermənistan komandasına qalib gəldilər

İsveçin Malmö şəhərində yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatı davam edir. Bu gün 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası