Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışa qatılıblar

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti beynəlxalq yarışda bacarığını göstərəcək. Söhbət Fransanın Mets və Belçikanın Spa şəhərlərində təşkil olunan “WTT Youth Contender” turnirindən gedir. Seçmə komandamızın üzvləri məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılacaqlar. Bu gün start verilən turnirlərə aprelin 28-də yekun vurulacaq. Qeyd edək ki, Onur Quluzadə növbəti sınaq ərəfəsində Lüksemburqda keçirilən anoloji turnirdə bürünc medala layiq görülüb. İstedadlı idmançı Belçika sınaqlarına da bu günlər təlim-məşq toplanışında olduğu Lüksemburqdan yollanıb.

Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına yekun vurulub. “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərib. Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparıblar. Şəxsi mübarizədə kişilərdən Vaqif Məmmədov, Elşad Vahidov, İlham Ağayev, Səxavət Heydərov, qadınlardan Xəyalə Qiyasova 1-ci yeri tutub. Qoşa yarışlarda isə Zaur Mikayılovla Mahir Cəbiyev fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Onlar finalda İlham Ağayev – Xəyalə Qiyasova tandeminə qalib gəliblər.
Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.

Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Bu gün veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib. “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir. Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Çempionatın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Stolüstü tennisçimiz bürünc medal qazanıb

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb. Söhbət Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirindən gedir. İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb. Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçirilən beynəlxalq yarışın mükafatına layiq görulüblər. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunan “Türk Dövlətləri” beynəlxalq yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qazaxıstan seçməsi birinci, Türkiyə millisi ikinci yeri tutub. Qeyd edək ki, sözügedən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız bu gün Türkiyəyə yola düşüb. Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacağı təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.

Stolüstü tennis üzrə seçmə komandanın üzvləri “İdman ustası” adına layiq görülüblər

Stolüstü tennisçilərimizin həm ölkədaxili, həm də, beynəlxalq yarışlardakı uğurlu çıxışları diqqətdən kənarda qalmır. Bu gün seçmə komandanın daha iki üzvünə “İdman ustası” dərəcəsi təqdim olunub. Gənclər və idman nazirliyinin təşkil etdiyi tədbirdə stolüstü tennisçilər Adil Əhmədzadə və Mərziyyə Nurmətova da bu ada layiq görülüb. Qeyd edək ki, hər iki idmançı Azərbaycan çempionu və dəfələrlə beynəlxalq yarışların qalib və mükafatçılarıdır.
AGİN-in ənənəvi tədbirinə mart ayında Türkiyədə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan seçmə komandamızın üzvləri də dəvət olunublar. Xatırladaq ki, həmin yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 2 gümüş, 7 bürünc medal qazanmışdılar.

Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. O, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun aprelin 8-dən 15-dək Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edəcək. Təlim-məşq toplanışına dünya səviyyəli çinli məşqçilər - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edəcək. İstedadlı idmançı ardınca 17-20 aprel tarixlərində Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası