Onur Quluzadə Çinə yollanıb


İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə ustalıq səviyyəsinin artırılması məqsədi ilə daha bir beynəlxlaq toplanışda iştirak edəcək. O, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çinin “Hebei Zhenqdinq Stolüstü Tennis Təlim Bazası”nda hazırlıq prosesi keçəcək. Seçmə komandamızın üzvü ardınca noyabrın 28-dən dekabrın 3-dək Sankt-Peterburqda keçiriləcək beynəlxalq yarışa qatılacaq. Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə mütəmadi olaraq beynəlxalq təlim-məşq toplanışlarına dəvət alır.

Stolüstü tennisçilərimiz Türkiyədə

Yeniyetmə stolüstü tennisçilərimiz növbəti təlim-məşq toplanışına qatılacaqlar. Seçmə komandanın 12 üzvü bu məqsədlə Türkiyəyə yollanıb. İdmançılarımız məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə 11-20 noyabr tarixlərində Yalova şəhərində keçiriləcək toplanışda iştirak edəcəklər. Fiziki və taktiki-texniki keyfiyyətlərin yüksəldilməsi məqsədi ilə təşkil olunan hazırlıq prosesində yerli idmançılarla görüşlər də nəzərdə tutulub. Qeyd edək ki, mütəmadi şəkildə həyata keçirilən bu cür toplanışlar qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətlidir.

Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

Stolüstü tennisçilərimiz Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Türkdilli xalqların II Universiadasına qatılacaqlar. Sabah başlanacaq mötəbər yarışda 6 idmançımız mübarizə aparacaq. Seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə qızlardan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, oğlanlardan Nihad Məmmədov, Kənan Pənahov və Fəxri Abdullayev etimadı doğrultmağa çalışacaq. Zaur Mikayılov isə bu yarışda hakim kimi iştirak edəcək. Mübarizəyə noyabrın 9-da yekun vurulacaq.

Zəfər Gününə həsr olunan ölkə birinciliyinin qalibləri müəyyənləşib

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub. Xəbər verdiyimiz kimi “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qızlar arasında Yağmur Məmədli ölkə çempionu adını qazanıb. Banu Baytallı ikinci, Leyli Məmmədova ilə Rüqəyya Qasımzadə üçüncü yeri tutub.
Oğlanların mübarizəsi Onur Quluzadənin qələbəsi ilə nəticələnib. Şakir Qədirov ikinci, Vaqif Babayevlə Ruslan Kərimov üçüncü olub.
Fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.
Qeyd edək ki, birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edən yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyət daşıyıb.

Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərir. Birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edəcək yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 8 mükafat qazanıblar

Latviyanın paytaxtı Riqada “Riga City Council's Youth Cup” turnirinə yekun vurulub. Seçmə komandamız beynəlxalq yarışı 8 mükafatla başa vurub. Yarışın son günündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yasadək idmançılar arasında bürünc mükafat qazanıb. Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb. Xatırladaq ki, turnirin ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə ilə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxmısdı.

Stolüstü tennisçimiz beynəlxalq turnirin baş mükafatını qazandı

Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində daha iki mükafat qazanıblar. Yarışın ikinci günündə mübarizəyə qatılan Aylin Əsgərova fəxri kürsünün birinci, Adil Əhmədzadə isə ikinci pilləsinə yüksəlib. Xatırladaq ki, yarışın ilk günündə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxmısdı. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Komandamız beynəlxalq turnirdə mübarizəyə iki medalla başladı

Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər. Yarışın ilk günündə Azərbaycan seçməsinin aktivinə iki medal yazılıb. 13 yaşadək idmançılar arasında bacarığını göstərən Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata layiq görülüb. Xatırladaq ki, seçmə komandamız Riqa sınaqlarına 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası