Zəfər Gününə həsr olunan ölkə birinciliyinin qalibləri müəyyənləşib

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub. Xəbər verdiyimiz kimi “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qızlar arasında Yağmur Məmədli ölkə çempionu adını qazanıb. Banu Baytallı ikinci, Leyli Məmmədova ilə Rüqəyya Qasımzadə üçüncü yeri tutub.
Oğlanların mübarizəsi Onur Quluzadənin qələbəsi ilə nəticələnib. Şakir Qədirov ikinci, Vaqif Babayevlə Ruslan Kərimov üçüncü olub.
Fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.
Qeyd edək ki, birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edən yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyət daşıyıb.

Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərir. Birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edəcək yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 8 mükafat qazanıblar

Latviyanın paytaxtı Riqada “Riga City Council's Youth Cup” turnirinə yekun vurulub. Seçmə komandamız beynəlxalq yarışı 8 mükafatla başa vurub. Yarışın son günündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yasadək idmançılar arasında bürünc mükafat qazanıb. Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb. Xatırladaq ki, turnirin ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə ilə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxmısdı.

Stolüstü tennisçimiz beynəlxalq turnirin baş mükafatını qazandı

Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində daha iki mükafat qazanıblar. Yarışın ikinci günündə mübarizəyə qatılan Aylin Əsgərova fəxri kürsünün birinci, Adil Əhmədzadə isə ikinci pilləsinə yüksəlib. Xatırladaq ki, yarışın ilk günündə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxmısdı. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Komandamız beynəlxalq turnirdə mübarizəyə iki medalla başladı

Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər. Yarışın ilk günündə Azərbaycan seçməsinin aktivinə iki medal yazılıb. 13 yaşadək idmançılar arasında bacarığını göstərən Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata layiq görülüb. Xatırladaq ki, seçmə komandamız Riqa sınaqlarına 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçısı oldu


Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medal qazanıb. Seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan idmançı qarışıq qoşa turnirdə birgə mübarizə apardığı yəmənli Ebrahim Qurbanla fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcək. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçilərin Riqa sınağı

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılacaqlar. Oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council's Youth Cup” turnirində 11 idmançı bacarığını göstərəcək.

Seçmə komandanın məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi ilə qızlardan Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı, Xədicə Eylazova,
oğlanlardan isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq. Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçilərimiz Misirə yollanıblar

Bu gün Misirin paytaxtı Qahirədə dünya seriyalı “WTT Youth Contender” turnirinə start verilib. Nüfuzlu beynəlxalq yarışda əvvəlcə oğlanlar mübarizə aparacaqlar. Seçmə komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə və Onur Quluzadə etimadı doğrulmağa çalışacaq. Oktyabrın 26-dan 29-dək isə qızların yarışı keçiriləcək. Məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli bacarığını göstərəcək. Xatırladaq ki, seçmə komandamız Gürcüstanda keçirilən bundan əvvəlki anoloji turnirdə 10 medal qazanmışdı.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası