Stolüstü tennisçilərimiz beynəlxalq yarışda 5-ci medalı qazandılar


Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində qızların yarışına yekun vurulub. Bu gün seçmə komandamızın daha iki üzvü bürünc mükafata layiq görülüb. Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bu nəticəyə imza atıb.
Xatırladaq ki, turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutmuşdu. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.
Qeyd edək ki, sentyabrın 21-dən 24-dək məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda Batumi sınaqlarında mübarizə aparacaq.

Stolüstü tennisçilərimiz erməni rəqiblərini üstələdilər


Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində inamla çıxış etməkdədirlər. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova yalnız yarımfinalda uduzaraq yarışı üçüncü pillədə başa vurub. Yağmur Məmmədli 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərib.
19 yaşadək stolüstü tennisçilərin turnirində qüvvəsini sınayan Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayaraq sabah keçiriləcək 1/8 finala vəsiqə qazanıb. Yeri gəlmişkən, qrup oyunlarında Ləman Abdulhəmidova Asya Poqosyanı 3-0, Zemfira Mikayılova Ellada Gevorqyanı 3-1, Nigar Mahmudova isə Mariam Ambarsumyanı 3-2 hesabı ilə məğlubiyyətə uğradıb.
15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala vəsiqə qazanıb.

Stolüstü tennisçilərimiz yarımfinalda


Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində mübarizəyə uğurla başlayıblar. Bu gün yarışa qatılan təmsilçilərimizdən Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova 17 yaşadək idmançılar arasında, Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında qrup mərhələsini inamla adlayıb. Qeyd edək ki, stolüstü tennisçilərimizdən dördü qrup mərhələsində erməni rəqibi üzərində qələbə çalıb. Aylin Əsgərova Mariam Ambarsumyanı 3-0, Mərziyyə Nurmətova Arianna Qalstyanı 3-0, Arzu Aslanova Ellada Gevoqyanı 3-1, Aysu Ağayeva isə Madlen Sarıbekyanı 3-0 hesabı ilə üstələyib.
Növbəti mərhələdə Mərziyyə Nurmətova Arzu Aslanovanı, Aylin Əsgərova gürcüstanlı, Yağmur Məmmədli isə türkiyəli rəqibini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Final uğrunda görüşlər sabah keçiriləcək.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışa qatılacaqlar


Stolüstü tennisçilərimiz bu gün Gürcüstana yollanıblar. Seçmə komandamız sabah Batumi şəhərində keçiriləcək dünya seriyalı “WTT Youth Contender” turnirinə qatılacaq. Gürcüstan sınaqlarında əvvəlcə qızlar qüvvələrini sınayacaqlar. Məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədli sentyabrın 18-dən 21-dək qələbə uğrunda mübarizə aparacaq. Sentyabrın 21-dən 24-dək isə məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda etimadı doğrultmağa çalışacaq.

Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar

2023 08 21

2014-2015-ci il təvəllüdlü istedadlı stolüstü tennisçilərin növbəti təlim-məşq toplanışına start verilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 15 idmançı qatılıb. Onlar məşqçilər Elnur Hidayətzadə, Qulu Quliyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə avqustun 27-dək stolüstü tennisin sirrlərinə yiyələnəcəklər. Qeyd edək ki, təlim-məşq toplanışının əsas məqsədi istedadlı idmançıların hazırlıq səviyyəsinin artırılmasıdır.

Stolüstü tennisçilər növbəti yarışa qatılacaqlar

2023 08 19
Stolüstü tenisçilərimiz Rusiyada keçirilən Beynəlxalq Universitet İdmanı Festivalında iştirak edəcəklər. Yekaterinburq şəhərində təşkil olunan yarışda 8 idmançımız qələbə uğrunda mübarizə aparacaq. Qızlardan Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Səbinə Məmmədova, Xədicə Əbilzadə, oğlanlardan isə Nihat Məmmədov, Nihat Səmədzadə, Vəzir Allahverdiyev və İbrahim Ansari etimadı doğrulmağa çalışacaq. Komandamız bu gün məşqçilər Fərhad İsmayılov və Rza Mirzəyevin rəhbərliyi ilə qonşu ölkəyə yola düşüb. Stolüstü tennis yarışları avqustun 23-dən 28-dək keçiriləcək. Qeyd edək ki, Beynəlxalq Universitet İdmanı Festivalında 36 ölkənin idmançıları qüvvələrini sınayacaqlar.

Stolüstü tennisçilərimiz Fransaya yollanıblar

2023 08 17
Stolüstü tennisçilərimiz avqust ayında növbəti beynəlxalq yarışlara qatılacaqlar. İstedadlı idmançılar Yağmur Məmmədli ilə Onur Quluzadə əvvəlcə 19-24 avqust tarixlərində Fransanın Strasburq şəhərində təşkil olunacaq “EUROTALENTS DEVELOPMENT CAMP 2 U-13” toplanışı çərçivəsində keçiriləcək turnirdə mübarizə aparacaq. Stolüstü tennisçilərimiz bu toplanışın ardınca avqustun 25-27-də 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında “Euro Mini Champ” yarışında bacarıqlarını göstərəcəklər. İdmançılarımız bu gün seçmə komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Fransaya yola düşüblər.

Stolüstü tennisçilərimizin Çin toplanışı davam edir


Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova Çin Xalq Respublikasının Hebey əyalətinin Jenqdinq şəhərində hazırlığı davam etdirir. Onlar avqustun 4-dən etibarən sentyabrın 10-dək məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışındadırlar. “Zhengdig National Table tennis Center”də keçirilən toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır. Məşqçi Səbinə Əzizlinin sözlərinə görə toplanış yüksək səviyyədə keçirilir: “ Budəfəki hazırlıq prosesində bizim idmançılarla yanaşı Filippin, Rusiya və Kolumbiya stolüstü tennisçiləri də iştirak edirlər. Onlar daha çox fiziki hazırlıqları ilə diqqət çəkirlər. İdmançılarımız üçün uyğunlaşma prosesi uzun sürmədi. Demək olar ki, bir həftədən sonra onlarla ayaqlaşa bildilər. İndi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirilər. Gündə hərəsi 3 saat olmaqla iki dəfə məşq edirlər. Bu cür toplanışlar stolüstü tennisçilərimizin ustalığının artırılması baxımından çox əhəmiyyətlidir”.
Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?start=208#sigFreeId884952f118

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası