Stolüstü tennisçilər ölkə kuboku uğrunda yarışırlar

Bu gün stolüstü tennis üzrə ölkə kuboku yarışına start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda 2005-2008-ci illər , 2009-cu il və ondan kiçik təvəllüdlü idmançılar mübarizə aparırlar. İştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstərəcəklər. Yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği və kütləviliyinin təmin olunması, güclü və perspektivli idmançıların üzə çıxarılması ilə müxtəlif yaş qrupları üzrə seçmə komandaların heyətinin müəyyənləşdirilməsi və idmançıların hazırlıq potensialının artırılmasıdır. Ölkə kuboku turnirinə dekabrın 9-da yekun vurulacaq.

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub


Stolüstü tennisçi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə etimadı doğruldub. O, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medala layiq görülüb. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Onur, 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib. Həlledici oyunda isə, stolüstü tennisçimiz özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb. Onur Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.

Onur Quluzadə beynəlxalq yarışda mübarizə aparacaq

Istedadlı stolüstü tennisçi Onur Quluzadə daha bir yarışa qatılıb. Seçmə komandamızın üzvü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bacarığını göstərəcək. O, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində etimadı doğrultmağa çalışacaq. Qeyd edək ki, Onur Quluzadə bu turnirə hazırlıq üçün seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çində təşkil olunan beynəlxalq təlim-məşq tolanışında iştirak edib.

Seçmə komandanın üzvləri mükafatlandırılıblar


Azərbaycan Stolüstü Tennis Federasiyası son beynəlxalq yarışlarda fərqlənən idmançıları mükafatlandırıb. Söhbət Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turniri və Latviyanın paytaxtı Riqada təşkil olunan “Riga City Council's Youth Cup” yarışında fəxri kürsüyə qalxan Adil Əhmədzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Arzu Aslanova, Aylin Əsgərova və Xədicə Eylazovadan gedir. Mükafatları seçmə komandanın üzvlərinə ASTF-nin baş katibi Könül Mikayılova təqdim edib.

Zaur Mikayılov xüsusi mükafata layiq görülüb

Stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakim Zaur Mikayılov xüsusi mükafata layiq görülüb. Ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub. Qeyd edək ki, 2010-cu ildən beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi nüfuzlu yarışlarda ədalət təmsilçisi olub. Təcrübəli mütəxəssis həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.

Onur Quluzadə Çinə yollanıb


İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə ustalıq səviyyəsinin artırılması məqsədi ilə daha bir beynəlxlaq toplanışda iştirak edəcək. O, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çinin “Hebei Zhenqdinq Stolüstü Tennis Təlim Bazası”nda hazırlıq prosesi keçəcək. Seçmə komandamızın üzvü ardınca noyabrın 28-dən dekabrın 3-dək Sankt-Peterburqda keçiriləcək beynəlxalq yarışa qatılacaq. Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə mütəmadi olaraq beynəlxalq təlim-məşq toplanışlarına dəvət alır.

Stolüstü tennisçilərimiz Türkiyədə

Yeniyetmə stolüstü tennisçilərimiz növbəti təlim-məşq toplanışına qatılacaqlar. Seçmə komandanın 12 üzvü bu məqsədlə Türkiyəyə yollanıb. İdmançılarımız məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə 11-20 noyabr tarixlərində Yalova şəhərində keçiriləcək toplanışda iştirak edəcəklər. Fiziki və taktiki-texniki keyfiyyətlərin yüksəldilməsi məqsədi ilə təşkil olunan hazırlıq prosesində yerli idmançılarla görüşlər də nəzərdə tutulub. Qeyd edək ki, mütəmadi şəkildə həyata keçirilən bu cür toplanışlar qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətlidir.

Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

Stolüstü tennisçilərimiz Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Türkdilli xalqların II Universiadasına qatılacaqlar. Sabah başlanacaq mötəbər yarışda 6 idmançımız mübarizə aparacaq. Seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə qızlardan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, oğlanlardan Nihad Məmmədov, Kənan Pənahov və Fəxri Abdullayev etimadı doğrultmağa çalışacaq. Zaur Mikayılov isə bu yarışda hakim kimi iştirak edəcək. Mübarizəyə noyabrın 9-da yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası